Ötən il keçmiş məcburi köçkünlər üçün tikilən istifadəsiz mənzillər satışa çıxarılmışdı. Satış prosesinin ötən ilin iyulun 1-dək sonlandırılması gözlənilirdi. Lakin bu günə qədər də satılmayan mənzillər var. Buna misal olaraq, Ümid, Ramana qəsəbəsində və Abşeron rayonundakı yeni yaşayış kompleksində olan mənzilləri misal göstərmək olar.
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, keçmiş məcburi köçkünlər üçün tikilən bəzi evlərin satışa çıxarılan qiyməti real bazar dəyərindən daha aşağı qiymətə təklif edilir.
“Lakin bu gün həmin mənzillərin yerləşdiyi həmin ərazilərdə fərdi yaşayış evlərinin qiymətlərinə baxsaq, onların da qiymətləri ucuzdur.
İnsanlar seçim qarşısında qaldıqda genişliyinə görə həmin ərazilərdə həyət evlərinə üstünlük verirlər. Amma satışa çıxarılan mənzillər çıxarışlıdır və ipoteka predmetinə çevrilə bilir. Bu gün iş yerləri şəhərin mərkəzi hissələrində yerləşdiyindən insanlar paytaxtın mərkəzi hissələrindən və yaxın yerlərindən mənzil almağa üstünlük verirlər. Tıxacları da nəzərə alsaq, kənar ərazilərdən mərkəzə gəlmək üçün günün bir neçə saatını yollarda itiririk.
Ancaq yaxın zamanlarda bu mənzillərə də tələbat artacaq. Çünki Bakının yeni baş planına əsasən, artıq paytaxtın müxtəlif yerlərində mərkəz ərazilər yaradılır. Yaxın zamanlarda da həmin ərazilərdə hansısa mərkəzlər yaradılsa, mənzilərə tələbat artacaq”, – deyə o qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov da alıcısını gözləyən boş mənzillərin olduğunu təsdiqləyib:
“Mənzilləri alan şəxslər tərəfindən dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və sahiblərinə təqdim olunur. Mənzillərin qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.
O bildirib ki, bir il ərzində mənzillərin təxminən 18-19 faizi satılıb.