Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Hövsan qəsəbəsində, eləcə də, Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayır.
Güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son üç ildə əmlak bazarında ciddi bahalaşma var.
“Mənzillərin qiyməti hər ay artan xətt üzrə gedir. Bu da aztəminatlı ailələr üçün mənzil almaq istəyini əlçatmaz edir. Ancaq dövlətin müxtəlif layihələri nəticəsində vətəndaşlar mənzil əldə edə bilirlər. Mənzil İnşaatı Dövlət Agentliyinin təqdim elədiyi mənzillərin qiymətlərinə baxsaq, təqdim edilən ərazilər üzrə daha ucuzdur və ilkin ödənişi azdır.
Bu mənzillərin ucuz satışa çıxarılmasının səbəbi bina tikilən torpağın dövlət tərəfindən ayrılmasıdır. Tikintinin maya dəyərini isə artıran torpaq sahəsidir. Paytaxtda da torpaq bahadır. Hazırda satışa çıxarılan mənzillər paytaxta yaxın olmasa da, bazar dəyərindən çox aşağı satılır. Belə mənzillərin satışa çıxarılması əmlak bazarına müsbət təsir edir.
Burada da müəyyən problemlər olur. Belə ki, mənzil almaq istəyən vətəndaşların sayı minlərlə olduğu təqdirdə, satışa çıxarılan mənzillər yüzlərlədir. Güzəştli satışdan yararlana bilməyənlərdə narazılıq yaranır. Lakin satış mexanizmində müəyyən dəyişikliklər olsa, narazılıqlar aradan qalxar”.
Ekspert qeyd edib ki, hazırda Hövsan və Sarayda yeni binalarda təmirsiz mənzilin 1 m²-i 1200 manat, təmirlilərin isə 1400 manatdır.
“Güzəştli satılan mənzillərlə qiymət fərqinə baxsaq, təqribi 500 manata yaxın fərq var. Ümumi götürsək, güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına təsir etməyəcək”, – deyə o qeyd edib.
Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Mənzillərin satış şərtləri və qiymətləri:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzilin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Sumqayıt layihəsi üzrə:
3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır.
Qeyd edilib ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.