ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla-nın mənfəəti, bütün dünyada avtomobil qiymətlərinə endirimlərin təsiri nəticəsində ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalıb.

Tesla bu ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.

Marja xəbər verir ki, şirkətin gəliri 2023-cü ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 23,4 milyard dollar təşkil edib. Tesla 2022-ci ilin üçüncü rübündə 21,5 milyard dollar gəlirlər əldə etmişdi.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalaraq 1,9 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 3,3 milyard dollar olmuşdu.

Şirkətin 2022-ci ilin üçüncü rübündə 95 sent olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 53 sentə düşüb.

Keçən ilin üçüncü rübündə 25,1% olan Teslanın ümumi mənfəət marjası, şirkətin qiymət endirimləri vasitəsilə satışları artırmaq səylərinin təsiri ilə bu ilin eyni dövründə 17,9 faizə enib.

Tesla 2023-cü ilin üçüncü rübündə qlobal miqyasda 430 min 488 avtomobil istehsal etdiyi halda, 435 min 59 avtomobil tədarük edib.

Bu dövrdə şirkətin avtomobil istehsalı illik müqayisədə 18 faiz, təhvil verilən avtomobillərin sayı isə 27 faiz artıb.

Tesla-nın yaydığı açıqlamada, şirkətin əsas hədəflərinin bu ilin üçüncü rübündə dəyişmədiyi – bu hədəflərin hər bir avtomobilə düşən xərcləri azaltmaq, çatdırılma həcmlərini maksimuma çatdıraraq sərbəst pul axını yaratmaq, süni intellekt və digər layihələrə sərmayə qoymağa davam etmək olduğu bildirilib.