İnkişaf etməkdə olan Şərqi Asiya iqtisadiyyatlarında artım ABŞ-ın proteksionist tədbirləri və dövlət borcunun səviyyəsinin artması səbəbindən 1960-cı illərin sonundan bəri ən aşağı səviyyəyə düşəcək, “Financial Times” (FT) yazır.

Əgər apreldə Dünya Bankı Çin iqtisadiyyatının 4.8% artacağını gözləyirdisə, indi proqnoz 4.4%-ə endirilib. Şərqi Asiya və Sakit Okean regionunda (Çin də daxil olmaqla) inkişaf etməkdə olan ölkələr üçün ÜDM artımı apreldəki 4.8%-dən 4.5%-ə endirilib.

Dünyanın iqtisadi inkişafının əsas mühərriklərindən biri olan bu region koronavirus pandemiyası, Asiya maliyyə böhranı və ya 1970-ci illərin qlobal neft şoku kimi fövqəladə hadisələri istisna etməklə, yarım əsrdə ən pis artım tempini nümayiş etdirəcək.

Dünya Bankının Şərqi Asiya və Sakit Okean üzrə baş iqtisadçısı Aaditya Mattoo bildirib ki, mütəxəssislər Çinin pandemiyadan daha tez bərpa olacağını gözləyirdilər. Onun fikrincə, Çin hakimiyyət orqanları və digər ölkələrin hökumətləri xidmət sektorunda “daha ​​dərin” islahatlara başlamasa, artımın yavaşlaması davam edəcək. Bank Çində pərakəndə satışların pandemiyadan əvvəlki səviyyədən aşağı düşdüyünü, ev təsərrüfatlarının borcunun artdığını, özəl sektor investisiyalarının geridə qaldığını və ev qiymətlərinin durğunlaşdığını qeyd edib.

Vaşinqton və Pekin arasındakı gərginlik idxalı artırmaqla regionun digər ölkələrinə də xeyir verib. Bununla belə, keçən il ABŞ-da istehsal yaratmaq və Çindən asılılığı azaltmaq məqsədi daşıyan “IRA” və “Chips” qanunlarının tətbiqi Cənub-Şərqi Asiya ölkələri üçün zərbə olub.