İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın sentyabr sayına əsasən, cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dolları olub. Bunun da 51,4 milyon ABŞ dollarını (10,3 faiz artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (79,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (31,4 milyon ABŞ dolları) ikinci və Gürcüstan (20,4 milyon ABŞ dolları) üçüncü olub.

Avqustda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (17,4 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (10,8 milyon ABŞ dolları) ikinci və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (9,6 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin sentyabrında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 31,6 milyon ABŞ dolları olub.