Yaponiyanın “Mitsubishi Motors” kompaniyası Çində avtomobil istehsalını dayandırmağı planlaşdırır.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, “Mitsubishi Motors”un yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra rəsmi qərarını elan edəcəyi və istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına keçirəcəyi gözlənilir. Buna Çində satışların azalması və bazarın tədricən elektromobillərə yönəlməsi səbəb olub. Belə ki, Çin bazarında yerli istehsalın payı artır və yaponiyalı avtomobil istehsalçıları məhsullarını satmaqda çətinlik çəkir.

Yaponiyanın digər avtomobil istehsalı nəhəngi “Nissan Motor” 2023-cü maliyyə ilində Çində satış hədəflərini 1,1 milyondan 800 minə endirib. “Mazda Motor” isə cari ilin ikinci rübündə bu ölkədəki satışlarının 17 faiz azaldığını elan edib.