Rusiya Böyük Britaniyaya qarşı cavab sanksiyalarını genişləndirib.

APA-nın Moskva müxbiri Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, 23 Britaniya vətəndaşına sanksiya tətbiq edilib.

“Londonun şəxsi sanksiyalar mexanizminin fəal şəkildə istifadə olunduğu və Kiyevdəki neonasist rejiminə hərtərəfli dəstəyin göstərildiyi anti-Rusiya kursunu həyata keçirməsi ilə əlaqədar olaraq, Rusiyanın “stop siyahısı”nın genişləndirilməsi barədə qərar qəbul edilib.

Hazırda Rusiya Federasiyasına girişi qadağan edilən Britaniya vətəndaşlarının siyahısına, xüsusən, Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin Britaniya ərazisində təlim keçməsinə nəzarət edən E.Radakin və Londonun Ukrayna istiqamətində strategiyasının formalaşdırılmasında iştirak edən Böyük Britaniya hökuməti yanında Birgə Kəşfiyyat Komitəsinin sədri M.Alessandri, həmçinin Britaniyanın BAE Systems müdafiə şirkətinin direktorlar şurasının sədri K.Hoqq daxil edilib.

Birləşmiş Krallıq Müdafiə Araşdırmaları İnstitutu (D. Bronk, S. Kauşal, N. Reynolds),

Cekson Fondu (A. Mendoza) və “Civitas” analitik institutu (R. Klark) kimi Rusiyaya qarşı mübarizə üçün məlumatların toplanması və təhlili ilə məşğul olan Britaniya siyasi elmləri mərkəzlərinin əməkdaşlarına da şəxsi məhdudiyyətlər tətbiq edilib.

Bir daha vurğulamaq istərdik ki, Britaniya tərəfinin Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq cəhdləri qaçılmaz olaraq bizim tərəfimizdən qəti cavab alacaq. Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq Rusiyanın “stop siyahısı”nın genişləndirilməsi üzrə işlər davam etdiriləcək”, deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.