Avropa Birliyi Rusiya qazının tədarükünü azaltdıqdan sonra ehtiyaclarını ödəmək üçün onilliklər ərzində ABŞ-dan mayeləşdirilmiş təbii qazdan (LNG) asılı olacaq.

APA-Economics” xəbər verir ki, bunu “Financial Times”a açıqlamasında Avropa Komissiyasının energetika üzrə baş direktoru Ditta Yul Yorgensen (Ditte Jul Jorgensen) bildirib.

Qəzetə verdiyi müsahibədə Ditta Yul Yorgensen əmin edib ki, Avropa İttifaqı Ukraynada davam edən münaqişə fonunda növbəti qış enerji böhranından çıxmaq üçün bütün vasitələrə malikdir.

Nəşrin məlumatına görə, bu sahədə Aİ-nin görəcəyi tədbirlər bərpa olunan enerji sektorunun genişləndirilməsini əhatə edir.

Eyni zamanda, baş direktor etiraf edib ki, qazın əvəz edilməsi üçün daha onilliklər lazım olacaq və bu müddət ərzində onu ilk növbədə ABŞ-dan almaq lazım gələcək.

Xatırladaq ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.