Tibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2023-cü il 1 yanvardan “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.12-ci maddəsində edilmiş dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq ödəniş nağdsız qaydada həyata keçirilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin həmin tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qeyd olunan Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə qanunsuz aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, aldığınız tibbi xidmətin dəyəri beş yüz manatdan artıq olduğu üçün ödəniş nağdsız qaydada edilməli idi və bu halda xidmətin dəyərini nağd qaydada qəbul edən stomatoloqa maliyyə sanksiyasının tətbiqi qanunauyğundur.