Azərbaycanda ənənəvi tədrisin başlaması hər il Bakıda kirayə mənzil bazarında aktivliyin kəskin artmasına və qiymətlərin bahalaşmasına səbəb olur. Artıq dərslərin başlanmasına az bir vaxt qalır və eyni vəziyyətin bu il də baş verəcəyi qaçılmazdır.

“MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib ki, kirayə mənzil bazarında qiymət artımı, adətən, avqustun üçüncü ongünlüyündə və sentyabr ayında olur.

“Hələlik avqustun 20-dək artım müşahidə edilməyib. Sentyabrın əvvəlində artımın nə qədər olacağı məlum olacaq. Əvvəlki illərə nəzər salsaq, avqustun üçüncü ongünlüyündə 6%, sentyabr ayında isə 9% faiz qiymət artımı olmuşdu. Yəqin, bu il də kirayə mənzil bazarında qiymət artımı qaçılmaz olacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində dərslər sentyabr ayının 15-də başlayır. Kirayə mənzil bazarında əsas tələb metrostansiyaların və ali təhsil müəssisələrinin yaxınlığında olan evlərədir.