İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 15-də keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 1700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8 min manata satılıb. İlkin qiyməti 4 min manata olan “VAZ 21723” markalı avtomobil isə 7900 manata özəlləşdirilib.

Avqustun 15-də keçirilən hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 min 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür. Cari ay üzrə növbəti hərrac 22 və 29 avqust tarixlərində keçiriləcək.