2023-cü il iyul ayının 1-nə “Yelo Bank”ın yığılmiş zərəri 300 milyon 289 min manat təşkil edib.

APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “Yelo Bank”ın xalis mənfəəti illik müqayisədə 3.7 dəfə artaraq 8 milyon 723 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 2 milyon 351 min manat xalis mənfəət əldə etmişdi.

Bu dövrdə bankın xalis mənfəətinin artması əməliyyat fəaliyyəti ilə deyil, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar hesabına olub. Belə ki, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar hesabından 2022-ci ilin ilk 6 ayında 1 milyon 321 min manat, 2023-cü ilin ilk 6 ayında isə 6 milyon 499 min manat vəsait yönəldilib.

Hesabat dövründə bankın faiz gəlirləri 32.6% artaraq 52.5 milyon manat, faiz xərcləri isə 39.3% artaraq 20 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri faiz gəlirləri 5 milyon manata ( illik müqayisədə 19.7% az), qeyri faiz xərcləri isə 34.4 milyon manata(illik müqayisədə 21.4% çox) bərabər olub. Beləliklə bank 2.2 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 2.2 dəfə və ya 1.1 milyon manat artım deməkdir.

Eyni dövrdə bankın nağd pul vəsaitləri 25.7% və ya 27.3 milyon manat azalaraq 78 milyon 854 min manat təşkil edib.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3.1% və ya 25.4 milyon manat artaraq 846.9 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Yelo Bank” ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9.9% və ya 61.6 milyon manat artaraq 683.5 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 166.1 milyon manat ( illik müqayisədə 10.8% çox), biznes kreditləri 443.7 milyon manat ( illik müqayisədə 12% çox), daşınmaz əmlak kreditləri isə 73.7 milyon manat ( illik müqayisədə 3% az) təşkil edib.

Bu dövrdə “Yelo Bank”ın cəmi öhdəlikləri 760.9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.1% və ya 15.6 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 3.4% və ya 19.3 milyon manat artaraq 591.6 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 6.5 milyon manat və ya 4.8% artaraq 143 milyon manata, fiziki şəxslərin depozitləri isə 12.7 milyon manat və ya 3% artaraq 448.6 milyon manata yüksəlib.

2023-cü il iyul ayının 1-nə “Yelo Bank”ın cəmi kapitalı 12.8% və ya 9.7 milyon manat artaraq 86 milyon manat olub.