İyun ayının 1-dən etibarən daşınmaz əmlakın icbari sığortası üzrə şəhadətnamələrin elektron qaydada verilməsi müvafiq dövlət orqanları tərəfindən nəzarəti daha effektiv aparılması üçün şərait yaradır.
Bunu “Report”a müsahibəsində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
“Sığorta şəhadətnamələrinin qeydiyyatı sığortaçıların və İcbari Sığorta Bürosunun elektron resurslarında aparılır. Həmin elektron resurslardan əldə edilmiş məlumatlardan istifadə etməklə müvafiq dövlət orqanları icbari qaydada sığortalamanın təmin edilməsinə nəzarəti daha effektiv həyata keçirə biləcəklər. Sığorta hadisəsi zamanı sığorta tələbinin irəli sürülməsi mürəkkəb proses deyil. Hadisə baş verdikdə bu barədə sığortaçıya vaxtında məlumat verilir, qanunda nəzərdə tutulmuş sənədlər təqdim edilir. Zərərin məbləği qiymətləndirilir və sığorta ödənişi həyata keçirilir. Əgər zərər məbləği barədə zərərçəkmiş əmlak sahibi razı deyilsə bu zaman müstəqil ekspertin həmin qiymətləndirməni aparmasını tələb edə bilər”, – Z. Əliyev vurğulayıb.
Onun sözlərinə görə, sığorta ödənişi ilə bağlı zərərçəkmiş əmlak sahibinin bu prosesdən şikayəti olarsa bunu Mərkəzi Banka yazılı və ya qaynar xətt nömrəsinə zəng etməklə asanlıqla edə bilər. Hər bir şikayət operativ nəzarətə götürülür, sığortalının hüquqlarının qorunması üçün qanunvericilik çərçivəsində lazımı tədbirlər görülür. O əlavə edib ki, Mərkəzi Bank sığorta təzminatının sığortaçılar tərəfindən ədalətli qaydada həyata keçirilməsini daimi nəzarətdə saxlayır: “Mərkəzi Bank sığortalılardan daxil olan şikayət indeksini də aylıq əsasda açıqlayır”.