Bu ilin birinci rübündə Dubay otellərində ən azı bir gecə keçirən xarici turistlərin sayı 4,67 milyon nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu göstərici əmirliyi 3,97 milyon insanın ziyarət etdiyi 2022-ci ilin eyni dövrünə nisbətən 17 faiz yüksəkdir və pandemiyadan bəri ilk rübün ən yaxşı nəticəsidir.

“2023-cü ilin birinci rübündə xaricdən gələn turistlərin sayının əhəmiyyətli dərəcədə artması, Dubayın dünya turizm sektorunun bərpasında aparıcı liderliyə malik statusunun göstəricisidir. Bu, Dubayı dünyanın ən sürətlə inkişaf edən meqapolislərindən birinə çevirmək, eyni zamanda da səyahətçilər, istedadlı insanlar, sahibkarlar və investorlar üçün əsas cazibə mərkəzi etmək məqsədi daşıyan rəhbərliyin uzaqgörənliyi sayəsində mümkün olub. Bu yaxınlarda BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum tərəfindən təqdim olunan iqtisadi proqram Dubayın qlobal iqtisadiyyata töhfəsini artırmaq üçün yeni iddialı hədəflər qoyur. Turizm sənayesi təkcə iqtisadiyyatımızın mühüm dayağı deyil, həm də Dubayın bazarlar, mədəniyyətlər və regionlar arasında körpü kimi mövqelərinin möhkəmlənməsində əsaslı rol oynayır. Dubay qarşıdakı illərdə də yeniliklər etməyə davam edəcək, unikal səyahət təcrübələri yaradaraq yaşamaq, səyahət etmək, işləmək və investisiya etmək üçün dünyanın ən yaxşı yeri olmağa çalışacaq”, – deyə Dubayın Vəliəhdi və Dubay İcra Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum bildirib.

Ötən 30-cu Ərəb Səyahət Bazarında (Arabian Travel Market) sərgisində açıqlanan turizm sektorunun nəticələri Dubayı dünyanın ən sürətlə bərpa olunan istiqaməti kimi təqdim edir. 2023-cü ilin birinci rübündə əmirlik pandemiyadan əvvəlki turist axını səviyyəsinin 98 faizinə nail olaraq BMT-nin Ümumdünya Ticarət Təşkilatının bu il Avropa və Yaxın Şərqdə turizm məqsədilə gələnlərin 80-95 faizinə çata biləcəyi proqnozunu üstələdi. 2023-cü ilin birinci rübündəki turist axınının həcmi 2019-cu ilin eyni dövründən cəmi iki faiz fərqlənir ki, onda da Dubayı 4,75 milyon insan ziyarət edib.

2023-cü ilin birinci rübündə əhəmiyyətli turist axını Dubaydakı əsas bölgələrə sahib ənənəvi bazarlar tərəfindən təmin edilib. Bu bölgələrin əksəriyyəti bu ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artım nümayiş etdirib. Dörd bölgə tam bərpa olunaraq 2019-cu ilin 1-ci rübünün səviyyəsini üstələyib – MDB və Şərqi Avropa – 48 faiz, Yaxın Şərq və Şimali Afrika – 32 faiz, Şimali və Cənubi Amerika – 9 faiz və Avstraliya – 2 faiz. Cənubi Asiya və Qərbi Avropa da pandemiyadan əvvəlki səviyyəyə çatmağa yaxındır.

Dubay biznes, ticarət və istirahət tədbirlərinə getdikcə daha çox ziyarətçi cəlb edir. Beləliklə, 2023-cü ilin birinci rübündə şəhərdə Şopinq Festivalı, Art Dubay İncəsənət Festivalı, Emirates Hava Yolları Ədəbiyyat Festivalı, Duty Duty Free Tennis turniri, Dubay Dünya Kuboku, Dubay Beynəlxalq Qayıq Şousu, Dünya Hökumət Sammiti və “Gulfood-2023” sərgisi keçirilib. “Gulfood” sərgisi dünyanın ən böyük ixtisaslaşmış sərgisidir və qlobal qida sənayesi nümayəndələrinin əsas görüş yeridir. 2023-cü ildə tədbirdə 185 ölkədən 5000 eksponent iştirak edib. COP28 ilə yanaşı, bu il digər əlamətdar tədbirlər də planlaşdırılır – Dubay Yay Sürprizləri Ailə Yay Festivalı, Dubay Esports və Oyunlar Festivalı, həmçinin Dubay sakinləri üçün “Dubai Fitness Challenge”. Şəhər infrastrukturunun inkişafına qoyulan sərmayələr və sahibkarlığa dəstək sisteminin yaradılması onu startaplar, dünyanın müxtəlif ölkələrindən gələn istedadlı mütəxəssislər və sahibkarlar üçün cəlbedici məkana çevirib. Dubay alternativ inkişaf yolları axtarmağa və eyni zamanda təklif etməyə davam edəcək. Bu cür təşəbbüslərə Qızıl Viza proqramı, 5 illik çoxdəfəlik giriş vizası, virtual məşğulluq və təqaüdə çıxanda Dubayda yaşamaq imkanı daxildir. Bu tədbirlər şəhərə girişi asanlaşdıracaq, şəhərlə uzunmüddətli əlaqələri gücləndirəcək və Əmirliyin rahat yaşayış üçün beynəlxalq mərkəz kimi mövqeyini möhkəmləndirəcək.