Artıq yay mövsümünə sayılı günlər qalıb.
Hazırda Bakıətrafı bağlarda və dağlıq rayonlarda kirayə evlərdə bahalaşma varmı?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yay mövsümünə doğru bağ evlərinin kirayə qiymətlərində adətən canlanma olur.
Onun sözlərinə görə, yay mövsümünə doğru bağ evlərində qiymət artımı tendensiyası illərdir davam edir.
“Belə ki, mövsümün əvvəlində bağ və fərdi yaşayış evlərinə tələb artır. Tələbin çoxalması da qiymətlərin artmasına təsir göstərir. Hazırda prosesin başlanğıc dövrüdür. Hələki dinamik qiymət artımları qeydə alınmır. Ancaq may ayının sonlarına doğru qiymətlərdə artım müşahidə edəcəyik. Sakinlər ilk növbədə bağın dənizə yaxın olmasına can atırlar. Qiymət artımı əsasən Bakıətrafı dənizə yaxın kənd və qəsəbələrdə olacaq. Qış mövsümü ilə müqayisədə bu ərazilərdə kirayə haqları 30%-dən iki dəfəyədək bahalaşacaq. Bağ evlərinin qiyməti də şəraitinə, mərtəbəsinə görə dəyişir.”
R.Osmanlı qeyd edib ki, regionlarda isə insanlar əsasən turizm potensialı yüksək olan dağlıq və dağətəyi ərazilərdə fərdi yaşayış evlərini kirayələyirlər.
“Həyət evinin gündəlik kirayə qiymətləri şəraitindən aslı olaraq 30-300 manat arasında təklif edilir.
Evlərin günlük kirayəyə verilməsi daha çox Qubada, Qusarda, Qəbələdə, İsmayıllıda, Şəkidə, Qaxda müşahidə olunur. Bir günlük kirayə qiymətləri evlərin şəraitindən asılı olaraq dəyişir”, – deyə ekspert qeyd edib.