“Bankların vətəndaşlara olan iddia tələblərində cavabdeh olan vətəndaşın məhkəmə iclaslarına getməməsi onun banka olan borcunun artmasına səbəb olur”.

Banker.az xəbər verir ki, bunu vəkil Vüqar Quliyev deyib.

Onun sözlərinə görə, borcun artmasının səbəbi isə bankın iddia tələbində göstərdiyi məbləğlərin artıq olması, tələb edilməli olmayan borcun ödənilməsini tələb etməsi və s. hallarla əlaqədar olur.

“Bəzi hallarda vətəndaşlar borc götürsə belə, bankın şəxsdən bu pulu tələb etmək hüququ ötmüş olur. Qanunvericlik baxımından belə vəziyyətdə mütləq borclu olan vətəndaş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verməlidir ki, borcu silinsin. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasına belə ərizə daxil olmadıqda məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edir. Həmçinin borcla bağlı bəzən əmlak ipotekaya qoyulur və bu əmlak qiymətləndirilərək tutma ipoteka predmeti olan əmlaka yönəldilir. Belə vəziyyətdə vətəndaşın da hüququ vardır ki, öz evinin həqiqi dəyəri ilə bağlı məhkəməyə sübut təqdim etsin”, – deyə vəkil bildirib.

V.Quliyev onu da qeyd edib ki, bank tərəfindən qoyulan əlavə iddia tələbləri ilə bəzən vətəndaşın istifadə hüquqlarına xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını da xahiş edirlər. Bu tələbə münasibətdə iddia tələbi təmin edilə bilməz: “Belə ki, Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun müvafiq maddələrinə görə girov və ipoteka məhdud əşya hüququ olmaqla ipoteka saxalayana bir sıra hüquqlar yaratsa da ipoteka predmeti olan əmlaka dair sərəncam vermək, onun gələcək müqəddəratını həll etmək hüququnu vermir. Qanunvericilikdə yalnız onun satılması ilə əmlak hüquqlarının əldə edilməsininin mümkünlüyü qeyd edilmişdir. Bununla belə “İpoteka haqqında” Qanunda istənilən şəxsin, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilməsinin mümkünlüyünün nəzərdə tutulması ipoteka qoyana həmin əmlakı almağa da hüquq yaradır”.

Vəkil, həmçinin vurulayıb ki, bankın mülkiyyətçi hüququ olmadan vətəndaşın istifadə hüquqlarına xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını məhkəmədə tələb etməsi iddianın bu hissədə təmin edilməsini istisna edir.

MƏNBƏe-hüquq