Ləğv prosesində olan Pakistan Milli Bankının Bakı filialı verdiyi kreditlərin təminatı kimi girov qoyulmuş daşınmaz əmlakları satışa çıxarıb.
“Report” bu barədə rəsmi mətbuata istinadən xəbər verir.
Söhbət Bakı şəhərində yerləşən 5 mənzil, 2 fərdi yaşayış evi və 1 qeyri-yaşayış evindən, eləcə də Sumqayıt şəhərində yerləşən 1 mənzildən gedir. Əmlaklar açıq tender yolu ilə satılacaq.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-2022-ci illərdə fəaliyyət göstərib. Ötən il oktyabrın 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib. Bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.