Ödəniş sistemi “Stripe” 6.5 milyard dollar yeni maliyyə vəsaiti cəlb edib. İnvestorlar şirkəti 50 milyard dollar dəyərində qiymətləndiriblər, bu barədə “The New York Times” yazıb. Xatırladaq ki, 2021-ci ildə “Stripe” 95 milyard dollar dəyərlə Silikon Vadisində ən dəyərli özəl şirkət olub.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

“Stripe” bu vəsaiti işçilərin şirkətin səhmlərini satmasına kömək etmək və səhm kompensasiyası ilə bağlı vergiləri ödəmək üçün istifadə etməyi planlaşdırdığını bildirib. “Stripe”ın ​​həmtəsisçisi və prezidenti Con Kollisonun sözlərinə görə, bu müqavilə “dünyada milyonlarla biznes üçün əsas iqtisadi infrastrukturun yaradılmasına kömək edən” şirkətin hazırkı və keçmiş işçilərinə yaratdıqları dəyərə çıxış imkanı verəcək.

“Stripe”ın dəyərinin düşməsi startaplar üçün çətin dövrü əks etdirir. Aşağı faiz dərəcələri və ucuz pulla dəstəklənən startap maliyyələşdirməsi son bir ildə azalıb. “PitchBook”a görə, 2022-ci ildə ABŞ-ın startap investisiyaları 31% azalaraq 238 milyard dollara düşüb.

2022-ci ildə iqtisadi şərtlərin pisləşməsi ilə əlaqədar olaraq, “Stripe” daxili qiymətləndirməsini 28% azaldaraq 74 milyard dollara çatdırıb. Şirkət ümumi heyətin 14%-ni təşkil edən təxminən 1100 işçisini işdən çıxarıb.

“Stripe” 2010-cu ildə Con və Patrik Kollison qardaşları tərəfindən təsis edilib. Ödəniş xidməti əvvəllər investorlardan 2 milyard dollardan çox vəsait toplayıb. “Stripe”ın ​​ilk investorları arasında “PayPal” təsisçiləri İlon Mask və Piter Til olub. Xidmət bizneslərə onlayn ödənişləri qəbul etməyə kömək edir.

“Stripe”ın ​​tərəfdaşlarına “Zoom”, “Shopify” və “Amazon” daxildir. Milyarder Nikolay Storonskinin fintex startapı “Revolut” Böyük Britaniya və Avropada pul köçürmələri etmək üçün “Stripe” ilə əməkdaşlıq edəcək. Gələcəkdə tərəfdaşlığın digər regionlarda da genişləndirilməsi planlaşdırılır.