Azərbaycanda insanların adlarına olan pay torpaqları onların sosial müavinət almalarına maneçilik törədir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov bildirib.
“Azərbaycanda pay torpaqlarına dair məsələlərə yenidən baxılmalıdır. 90-cı illərin əvvəllərində pay torpaqları özəlləşdirilib. Həmin torpaqların sahiblərinin bir qismi gəlib şəhərdə yaşayırlar, sosial müavinət və digər məsələlərlə bağlı dövlətə müraciət etdikdə məlum olur ki, onların adlarına pay torpaqları var. Bu da vətəndaşlara maneçilik törədir”, – deyə o qeyd edib.
Deputat çıxışında diqqəti həmçinin ölkədəki su probleminə yönəldib: “Azərbaycan şirin suyun qıt olduğu ölkələr sırasındadır. Ölkədə su mənbələrinin 70 %-i kənarda formalaşır. Meşələrimiz də kütləvi şəkildə məhv olduğu üçün torpaqlarda aşınmalar gedir. Dağ yamaclarının hər birində terras çəkilməsi yağış sularından istifadəyə kömək edə və torpaq aşınmasının qarşısını ala bilər”.