Rusiya Mərkəzi Bankı ölkədəki bank sektorunun geniş sanksiyalara baxmayaraq 2022-ci ili 203 milyard rubl mənfəətlə bağladığını bildirib. Hesabata görə, gəlir əldə edən bankların isbəti 77 faizdir.

Rusiya Mərkəzi Bankı “Bank sektorunda inkişafının qiymətləndirilməsi” adlı hesabatını dərc edib.

Marja xəbər verir ki, hesabatda Rusiyanın bank sektorunun 2022-ci ilin birinci yarısında 1,4 trilyon rubl itirdiyi qeyd edilib.

Keçən ilin ikinci yarısında sektorun bərpa olunmğa başladığı bildirilən hesabatda, Rusiya bank sektorunun 2022-ci ili 203 milyard rubl mənfəətlə bağladığı qeyd edilib.

Ölkədəki bəzi bankların 2022-ci ili əhəmiyyətli zərərlə bağladığı bildirilən hesabatda mənfəət əldə edən bankların xüsusi çəkisinin 77% səviyyəsində olduğu vurğulanıb.

Rusiyanın bank sektoru 2021-ci ildə 2,4 trilyon rubl mənfəət əldə etmişdi.

Qərb ölkələri Rusiya bank sektorunun qlobal maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla yanaşı, ölkədəki bir çox bankı da SWIFT sistemindən çıxarıblar.