Böyük Britaniyanın neft-qaz şirkəti olan “Shell” ölkədə maliyyə itkiləri səbəbindən elektrik enerjisinin satışı üzrə pərakəndə biznesdən çıxmaq ehtimalını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə “Financial Times” xəbər verib.

Qəzetin bildirdiyinə görə, ötən il Avropada pərakəndə müştərilərin əsas elektrik enerjisi tədarükçüləri topdan qiymətlərdə kəskin artımla qarşılaşıb. Bundan başqa, istehlak qiymətlərinin məhdudlaşdırılması üzrə hökumət tədbirləri nəticəsində şirkətlər gəlirlərinin bir hissəsindən məhrum olub. Bununla əlaqədar olaraq “Shell” 2023-cü ilin sonunadək müştərilər üçün elektrik enerjisi tədarük etmək məqsədilə Böyük Britaniyadakı pərakəndə biznesinə 1,2 milyard avro (təqribən 1,5 milyard dollar) investisiya qoymalı olub.

Yekun qərar Britaniya şirkətinin “Shell Energy Retail”in pərakəndə müştərilərinə elektrik enerjisi satışı üzrə ekspertizası bitdikdən sonra qəbul ediləcək ki, bu da bir neçə ay çəkə bilər.

“Shell Energy Retail” Böyük Britaniyada 1,4 milyona yaxın müştəriyə xidmət göstərir. Şirkət ölkədə ən böyük elektrik enerjisi tədarükçülərinin siyahısına daxildir.

Qəzetin məlumatına görə, şirkət həmçinin Niderland və Almaniyada pərakəndə biznesdən çıxmaq ehtimalını da nəzərdən keçirir.

Britaniyanın “The Times” qəzetinin yazdığına görə, 2021-ci ildə “Shell” şirkətinin itkiləri təqribən 112 milyon avro (təqribən 140 milyon dollar) təşkil edib. Qəzetin məlumatına görə, şirkətin Böyük Britaniyada pərakəndə biznesdən çıxması təqribən 2 min nəfərin işsiz qalmasına səbəb ola bilər.