Süni intellekt üzrə Milli Strategiyanın hazırlanmasına dair Yol xəritəsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlıq çərçivəsində tərtib edilib və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi qrupun iclasında müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələri və Süni İntellekt (Sİ) icmasının üzvlərinin iştirakı ilə keçirilən iclasda “Sİ hazırlıq indeksi” və “Milli Sİ strategiyasının hazırlanması üçün yol xəritəsi” barədə məlumat verilib, Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Tədbirdə, həmçinin Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “Milli Sİ strategiyalarının hazırlanması”, Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndəsi Mervə Ayyücə Kizrak “Süni İntellekt strategiyasının hazırlanmasındakı çətinliklər” və “Paşa Bank”ın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş “Süni İntellekt biznesi necə dəyişdirir” mövzularında təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, İşçi qrup 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.