Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan 2023-cü il üçün borclama planını təsdiqləyib və bu plana əsasən, krallıq 45 milyard riyal (təxminən 12 milyard dollar) cəlb etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü krallığın Borcların Milli İdarəetmə Mərkəzindən bildirilib.

2023-cü ildə gözlənilən büdcə profisitinə baxmayaraq, Səudiyyə Ərəbistanı 2023-cü ildə ödənilməsinin vaxtı çatan dövlət borcuna xidmət üçün həm daxili, həm də beynəlxalq bazarda borc almağa davam edəcək. Krallıq həmçinin yeni borclar hesabına strateji layihələri maliyyələşdirməyi və kapital xərcləri təmin etməyi planlaşdırır.

Bundan əlavə, Mərkəz “borc bazarlarında daimi mövcudluğu təmin etmək və krallığın borc portfelinin xüsusiyyətlərini yaxşılaşdırmaq” üçün “bazar şəraitindən asılı olaraq” əlavə borclama imkanlarını nəzərdən keçirəcək.

Ötən il Səudiyyə Ərəbistanının dövlət borcu təxminən 52 milyard rial artaraq 990 milyard riala çatıb ki, bu da ÜDM-in 25%-ni təşkil edir. Bu rəqəm krallığın dövlət borcunun ÜDM-in 30%-ni təşkil etdiyi 2021-ci ildəkindən az, lakin Borcların Milli İdarəetmə Mərkəzinin təxminindən 52 milyard rial yüksək olub.