Ötən il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu nəticəsində başlamış və hələ də bitməyən müharibə qlobal dəyər zəncirinə ciddi təsir göstərməkdə davam edir. Belə ki, münaqişə qlobal taxıl təchizatı ilə yanaşı sürtkü yağı təchizatına da təsir edib, qiymətlərdə kifayət qədər artıma səbəb olub. Elə brendlər var ki, onlar son 1 ildə 90-95% bahalaşıb.

Dövlət Statistika Komitəsinin açıqladığı son hesabata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 32 milyon ABŞ dolları dəyərində 25 min 258 ton sürtkü yağı ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 % çoxdur, kəmiyyət olaraq – 3,7 % azdır.

Azərbaycan Türkiyəyə 12,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,5 % çoxdur) 11 min 736 ton (-11,6 %), Ukraynaya 5 milyon ABŞ dolları dəyərində (-26 %) 3 min 859 ton (-53 %), İraqa 3,4 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 2 min 274 ton (+3,1 dəfə), Bosniya və Herseqovinaya 2,8 milyon ABŞ dolları dəyərində 2 min 097 ton (ilk dəfə tədarük olub), Gürcüstana 1,5 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 1 min 211 ton (+3,2 dəfə) məhsul satıb.

Yeddi il 10 ayın tamamında Polşaya, 7 il 7 aydan sonra Cənubi Afrikaya, 7 il 3 aylıq fasilənin ardından Bolqarıstana, 6 il 1 aylıq aradan sonra Albaniyaya və 3 il 11 ayın tamamında Almaniyaya tədarük bərpa edilib.

Həmin ölkələr Azərbaycandan müvafiq olaraq 449 min ABŞ dolları dəyərində 360 ton, 130 min ABŞ dolları dəyərində 64,8 ton, 526 min ABŞ dolları dəyərində 369,5 ton, 33 min ABŞ dolları dəyərində 20,1 ton, 0,01 min ABŞ dolları dəyərində 0,01 ton sürtkü yağı alıb.

Hesabat dövründə Azərbaycana 119,3 milyon ABŞ dolları dəyərində (+54 %) 59 min 676 ton (+68 %) sürtkü yağı idxal edilib.

Türkiyədən 32,55 milyon ABŞ dolları dəyərində (+79 %) 11 min 985 ton (+57 %), Rusiyadan 29,1 milyon ABŞ dolları dəyərində (+81 %) 24 min 706 ton (+2,3 dəfə), Almaniyadan 19,6 milyon ABŞ dolları dəyərində (+24 %) 5 min 158 ton (+16,2 %), Belçikadan 5,6 milyon ABŞ dolları dəyərində (+11 %) 1 min 745 ton (+1,1 %), Türkmənistandan 5,4 milyon ABŞ dolları dəyərində (+5,4 dəfə) 6 min 577 ton (+6,1 dəfə) məhsul alınıb.

Ölkəyə Türkiyə, Rusiya və bir sıra Avropa ölkələrindən sürtkü yağlarının idxalı və satışı ilə məşğul olan Elşad Yusifov deyir ki, bəzi şirkətlər öz marjalarından kəsmək hesabına olsa belə müəyyən müddət qiymət artımının qarşısını alır: “Belə olan halda onlar zərərlə işləməsə də, gəlir və mənfəətləri kəskin azalır. Amma bu, bir mərhələyə qədər mümkündür. Tədricən həmin idxalçılarımız zərərə düşməmək üçün qiymət artımına getməyə məcbur olacaq”.

Onun sözlərinə görə, müharibə bir sıra sürtkü yağı brendlərinin əsl simasını üzə çıxarıb: “Belə ki, bir sıra brendlər sürtkü yağları üçün istifadə edilən baza yağını Rusiyadan alır. Müharibə belə şirkətlərin əsl durumunu açıb göstərdi. Hansı ki, onların bəziləri illərdir Rusiya ilə bu kimi əlaqədə olduqlarını gizlədirdilər. Çünki qəbul edilmiş bir aksioma var ki, Rusiya baza yağı ən keyfiyyətsizlər sırasındadır. Amma bəzi şirkətlər var ki, onlar baza yağını ya özləri təmin edir ya da Qərb təchizatçılarından alır. Məhz həmin şirkətlər bahalaşmaya qarşı daha dözümlüdür. Çünki mövcud şərait onların xammalının loqistika və digər məsələlərinə az təsir edib. Hazırda Azərbaycana Avropa və Türkiyədən idxal edilən bir sıra sürtkü yağlarının qiymətində az artım müşahidə edilir, təxminən 1-2 dollar civarındadır. Amma bizim bazarda böyük hesab edilən ancaq əslində o qədər də qlobal olmayan yağ markalarında bahalaşma kifayət qədər yüksəkdir”.

Ölkəyə Almaniyadan sürtkü yağlarının idxalı və satışı ilə məşğul olan Arif Məmmədov da deyir ki, qiymət artımı davamlı xarakter alıb: “Noyabrdan etibarən 10% bahalaşma olub. Bəzi şirkətlərin hələ qiymət artımına getməməsinin və yaxud az qiymət artımı etməsinin səbəbi yeni məhsul partiyasının gəlməməsi ilə bağlıdır. Belə ki, bəzi brendlərin satışları çox olduğu üçün onlar əllərində olan məhsulları tam satıb və gətirilən yeni partiyalarda bahalaşmanı hiss edirlər. Amma bir qisim sürtkü yağı təchizatçılarının anbarlarında hələ də köhnədən qalma mallar olduğu üçün onlar qiymət artımına yaxın vaxtlarda keçəcək. Hazırda idxal edilən elə məhsullar var ki, onun qiymətləri 4 dəfəyə qədər artıb. Təbii ki, bu da özünü son istehlakçıya pərakəndə satışda büruzə verəcək”.