İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına Sumqayıt şəhərində daha 208 tam təmirli mənzil əlavə edilib.
Bu barədə “APA-Economics”ə İKZF-dən bildirilib. Bundan əlavə, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksi üzrə 61 mənzil təklif olunur ki, bunlar da 2 və 3 otaqlı yaşayış sahələridir. Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən kompleksdə isə 2, 3 və 4 otaqlı olmaqla 147 mənzil təklif olunur. Qeyd edilib ki, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 18 yanvar 2023-cü il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Xatırladaq ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb.