Amerikanın “Apple” və “Tesla” kompaniyalarının səhmləri Çindən komponentlərin tədarükü ilə bağlı problemlər səbəbindən kəskin ucuzlaşıb.

AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, “Tesla”nın səhmlərinin qiyməti 2021-ci ilin noyabrında qeydə alınan maksimim göstərici ilə müqayisədə 73 faiz ucuzlaşaraq 109 dollara enib. “Apple” kompaniyasının səhmləri isə 130 dollaradək enib ki, bu da 2021-ci ilin iyunundan bəri ən aşağı göstəricidir.

Koronavirusa qarşı “sıfır dözümlülük” siyasəti və sərt karantin səbəbindən Çindəki istehsalı lazımi səviyyədə saxlaya bilməyən kompaniyalar məhdudiyyətlərin bir çoxu aradan qalxdıqdan sonra indi də kadr böhranı ilə üzləşib. Həmçinin bütün dünyada tənzimləyicilərin faiz dərəcələrini qaldırması, iqtisadiyyatların artım templərinin zəifləməsi və Ukraynada davam edən müharibə fonunda sərmayədarlar ehtiyatlı davranmağa və böyük investisiyalar yatırmaqdan yayınmağa çalışırlar.