Türkiyənin Antalya kurortunun sakinləri mənzillərin əcnəbilərə satışı və kirayə verilməsinə qadağa qoyulması tələbi ilə imza toplamağa başlayıblar.
Müvafiq petisiya noyabrın 23-də www.change.org saytında qeydə alınıb və bir sutka ərzəində 5.5 mindən çox şəsx onu imzalayıb.
Petisiyanın müəllifləri 7.5 min imza toplamaq niyyətindədirlər ki, bu da “qərar qəbul edənlərdən bu kampaniyaya cavab almaq şansını artıracaq”.
“Antaliyada əcnəbilərə mənzil kirayəsini və satışını dayandırmaq lazımdır. Belə ki, bölgədə orta aylıq kirayə haqqı 10 min lirəni (536.5 dollar), Alanyada isə 13 min lirəni (697.5 dollar) keçib. Şəhərdə həyat bir çox sakinlər üçün qeyri-mümkün olub”, – deyə müraciətdə deyilir.
Qeyd olunur ki, son üç ildə kurortda daşınmaz əmlakın orta qiyməti 32.1 min dollardan 267.8 min dollara yüksəlib, Antalyada isə iki il ərzində 395% artıb. Petisiyada bildirilir ki, ev sahibləri kirayə qiymətlərini daim qaldırır və ya kirayəçiləri çıxarır, əmlakı xaricilərə daha yüksək qiymətə icarəyə verməyə üstünlük verirlər.
“İndi Antalya sakinlərinin 25%-ni əcnəbilər təşkil edir. Şəhərdə 200 minə yaxın əcnəbi vətəndaş yaşayır”, – müraciətdə deyilir.
Eyni zamanda sənədin müəllifləri qeyri-qanuni əmlak ticarəti ilə məşğul olan rusiyalılar və ukraynalıların sayının 10 minə çatdığını iddia edirlər.
“Bu şəxslər “WhatsApp” messencerində yüzlərlə nəfərdən ibarət qruplar yaradaraq, daşınmaz əmlak bazarını məhv etməkdə davam edirlər”, – kollektiv müraciətdə deyilir.
“Əcnəbilərə mənzil kirayəsini və satışını dayandırmaq lazımdır. Qoy onlar bizim mehmanxanalarda, pansionatlarda, istirahət zonalarında qonaq qismində qalsınlar. Bu, bizim şəhərimizdir. O, gələcək nəsillər üçün qürbətə çevrilməməlidir”, – müraciətdə vurğulanır.
Türkiyə Statistika Təşkilatının məlumatına görə, oktyabr ayında Antalyada hər üçüncü ev xaricilər tərəfindən alınıb.