Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 1 helikopter və 29 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərracda “Yevlax tikinti servis” Səhmdar Cəmiyyətinin 30,12 faiz səhm paketi satılıb. “Airbus Helicopters EC-135P2” markalı helikopter ilkin start qiymətinə – 1 milyon manata özəlləşdirilib. Buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır.
Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7600 manat olan “BMW 523İ” markalı avtomobilə edilən son təklif 14 min 200 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 15 min manat olan “Toyota HILUX MİNİK” markalı nəqliyyat vasitəsi 24 min 350 manata satılıb.
Özəlləşdirilən dövlət əmlaklarından 1,2 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3EbTPSD).
Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar noyabrın 22-si, 29-u və 30-da keçiriləcək. Bu hərraclara ümumilikdə 4 səhmdar cəmiyyətin səhm paketi, 26 kiçik dövlət müəssisə və obyekti, 61 nəqliyyat vasitəsi çıxarılacaq.