Dünyanın ən böyük onlayn hərracı eBay 2022-ci ilin yanvar-sentyabr aylarını 1,941 milyard dollar xalis zərər ilə bağlayıb. Şirkət ötən ilin eyni dövrünü 11,639 milyard dollar xalis mənfəət ilə başa vurmuşdu.

Marja xəbər verir ki, bu, Şirkətin hesabatında bildirilir.

Yanvar-sentyabr aylarında şirkətin cəmi gəliri 6,7% azalaraq 7,285 milyard dollar təşkil edib.

eBay üçüncü rübdə 69 milyon dollar xalis zərər qeyd edib. Rüblük gəlir 4,8% azalaraq 2,38 milyard dollar təşkil edib. Analitiklər 2,33 milyard dollar gözləyirdilər.

Üçüncü rübdə aktiv alıcıların sayı 11% azalaraq 135 milyon nəfər olub.

Dördüncü rübdə şirkət 2,42-2,5 milyard dollar gəlir gözləyir. İllik gəlir proqnozu əvvəlki 9,6-9,9 milyard dollar proqnozundan 9,71-9,79 milyarda dəyişdirilib.

eBay Inc. 1995-ci ildə təsis edilib. Qərargahı Kaliforniya ştatının San Xose şəhərində yerləşir.