Norveç Bankı əsas faiz dərəcəsini son bir ildə ikinci dəfə daha yarım bənd artıraraq 2,25 həddinə çatdırıb.
AZƏRTAC Norveç KİV-nə istinadla xəbər verir ki, ölkə son 34 ildə maksimuma çatmış inflyasiyaya qarşı bu yolla mübarizə aparmağa çalışır.
Norveç Bankı uçot dərəcəsini axırıncı dəfə təqribən bir ay bundan əvvəl artırmışdı. Bu göstəricisinin yenidən artırılması nəticəsində onun qiyməti 2011-ci ildən bəri ən yüksək həddə – 2,25 faizə çatıb. Digər tərəfdən, tənzimləyici artıq noyabr ayında faiz dərəcəsinin yenidən artırılacağını istisna etməyib. Üstəlik, Bankın proqnozlarına görə, 2023-cü ilin üçüncü rübündə uçot dərəcəsi 3,11 faizi aşacaq.
Əsas faiz dərəcəsinin növbəti dəfə artırılmasına baxmayaraq Norveç Mərkəzi bankında belə bir fikir bildirilib ki, uzaq perspektivdə sərtləşdirmə siyasətindən imtina edilə bilər, çünki məmurların müşahidələrinə görə inflyasiyaya qarşı yönəlmiş qərarların iqtisadiyyata mənfi təsiri özünü göstərməyə başlayır.