Qlobal böhranla bağlı valyuta gəlirləri xeyli azalan və Misir funtunun dəyər itirməsi, habelə kəskin inflyasiya ilə üzləşən Misir hökuməti qaz ixracını artırmaq üçün daxili istehlaka 15 faiz qənaət etmək barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, artıq bir neçə Avropa ölkəsi Misirdən təbii qaz idxalını artırmaq üçün danışıqlar aparır. Baş nazir Mustafa Mədbuli ölkənin 27 vilayətinin qubernatorları ilə görüşündə bildirib ki, qənaət planına əsasən, təbii qazla yanaşı, elektrik enerjisi istehlakında da rasional qaydalar tətbiq edilir. Onun sözlərinə görə, elektrik enerjisi istehsal edən obyektlər təbii qazı dünya bazarlarında olduğundan on dəfə aşağı qiymətə alır və bu vəziyyətdən çıxmağın yeganə yolu qənaət rejimidir. Baş nazir vurğulayıb ki, daxili istehlakda 15 faizlik qənaət hər ay 450 milyon dollar əlavə gəlir gətirəcək.

Yeni qaydalara görə, marketlər və ticarət mərkəzlərində kondisionerlərin müsbət 25 dərəcədən aşağı rejimdə işləməsi qadağan edilib, gecə saat 24:00-dan sonra bir çox yerlərdə küçələrin və meydanların işıqlandırılması dayandırılıb, həmçinin nazirlik və dövlət idarələrində gündüz saatlarında elektrik enerjisindən istifadə məhdudlaşdırılıb.