ABŞ-ın texnologiya nəhəngi IBM, ilin birinci rübünə dair balansını açıqlayıb.
IBM-dən bildiriblər ki, ilin ilk rübündə xalis mənfəət, keçən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 1,68 milyard dollara düşüb. Keçən ilin ilk üç ayında şirkətin xalis gəliri 1,75 milyard dollar olmuşdu.
Şirkətin ilin ilk üç ayındakı gəliri isə 2017-nin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 19,1 milyard dollara yüksəlib. IBM, ötən ilin yanvar-mart dövründə 18,16 milyard dollar gəlir açıqlamışdı.
Şirkətin bir səhmə düşən mənfəəti ötən ilin ilk rübündə 1,86 dollar ikən, bu il eyni dövrdə 1,82 dollara geriləyib..
IBM-in ilin ilk rübündə xalis mənfəətinin azalmasının açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.
Nyu-York Birjasında şirkətin səhminin dəyəri 5,9 faiz ucuzlaşma qeyd edərək 151,36 dollara qədər geriləyib.