Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ildə təsis etdyi “SOCAR Capital” MMC bundan sonra da beynəlxalq investorların Azərbaycana cəlb olunması, şirkətin daxili strukturlaşdırılması və şaxələnməsi proqramının həyata keçirilməsi, SOCAR istiqrazlarının yerli bazarda aktiv təkrar tədavülünün davam etdirlməsi, beyəlxalq investisiya portfelinin genişləndirilməsi, iqtisadi və maliyyə araşdırmalarının davam etdirilməsini həyata keçirmək niyyətindədir.

“Report” bu barədə SOCAR-ın “Davamlı İnkişaf üzrə İllik Hesabat”ına istinadən xəbər verir.

Məlumata görə, şirkət strateji plan olaraq, əsas gücünü SOCAR istiqrazlarına yönəltməklə yanaşı, xarici investorların da Azərbaycana cəlb olunmasını təmin etməyi qarşısına məqsəd qoyub. İstiqraz sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazları Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinə qədər illik faiz dərəcəsi 15–16% olan manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur.

SOCAR istiqrazlarının marketmeykeri “PSG Kapital İnvestisiya Şirkəti” QSC-dən verilən məlumata əsasən, ötən il dekabrın 5-də istiqrazların satışı 1 032 ABŞ dollarında gerçəkləşib. Bu, buraxıldığı gündən indiyə qədər ən yüksək satış qiymətidir. Vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmiş SOCAR İstiqrazları 17 yanvar tarixində baş tutan sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dolları gəlir qazandırıb. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16,25 milyon dollara yüksəlib.