15 iyul 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) ticarət platformasında 78,6 mln. manat məbləğində repo əməliyyatı baş tutub. Qeyd edilməlidir ki, bu nəticə 2014-cü ildən BFB-nin ticarət sistemində bir gün üzrə aparılan repo əməliyyatları üzrə rekord göstəricidir. FED.az xəbər verir ki, ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə repo əməliyyatlarının ümumi məbləği 437.8 mln. manat təşkil etmişdir.

Repo əməliyyatlarında son iki il ərzində əhəmiyyətli artım tempi müşahidə olunmuşdur. Belə ki, 2017-ci ilin birinci yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat, 2018-ci ilin eyni dövrə üzrə bu göstərici 466,2 mln. manat olmuşdur.

Repo predmeti kimi Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda dövr ərzində Mərkəzi Bankın notları və korporativ istiqrazlar üzrə də repo əqdləri həyata keçirilmişdir. Belə ki, 2019-cu ilin ilk yarımili üzrə dövlət istiqrazlarının payı 61% (265,7 mln. manat), Mərkəzi Bankın notlarının payı 38% (165,2 mln. manat),  ARDNŞ istiqrazların payı isə 1% (4,1 mln. manat) təşkil etmiştir.