ABŞ Federal Ehtiyat Sisteminin (FED) radikal addımlarına rəğmən Birləşmiş Ştatlar iqtisadiyyatında davam edən artım bankların səhmlərlə bağlı siyasətində qeyri-müəyyənliyi artırıb. Oktyabrın 26-da açıqlanan məlumata görə, ABŞ iqtisadiyyatı üçüncü rübdə 4,9 faiz artıb və bu, 2021-cu ilin son rübündən bəri ən yüksək artımdır. Bu rəqəmlər FED-ə qarşıdakı bir neçə aylar ərzində faiz dərəcəsini 5,25-5,50 səviyyəsində saxlamağa imkan verir.
Qlobal əmtəə bazarına gəldikdə, İsrail-HƏMAS müharibəsinin Yaxın Şərq regionuna yayılacağı qorxusu qızılın yüksək qiymətini dəstəkləyir. Belə ki, oktyabrın 27-də qızılın bir unsiyasının qiyməti 1,987 dollardan da yuxarı olub. “Brent” markalı xam neftin bir barel üçün qiyməti isə yenidən yüksələrək 89,32 dollara çatıb.
Cari ilin üçüncü rübündə qlobal texnoloji şirkətlərin səhmləri və gəlirləri ilə bağlı məlumatlar da açıqlanıb. Hesabat dövründə “Amazon” şirkətinin gəliri 13 faiz (9,9 milyard dollar) artıb, amma mikroçip istehsalçısı “Intel”in gəliri 8 faiz azalıb.
Qlobal birjalara gəldikdə, oktyabrın 26-da Avropa Mərkəzi Bankının 3 təməl faiz dərəcəsini sabit saxlaması və inflyasiyanın hələ uzun müddət yüksək rəqəmlərlə ifadə ediləcəyi bəyanatı Almaniyanın DAX (1,08 faiz), İngiltərənin FTSE 100 (0,81 faiz) birjalarında itkilərə səbəb olub.
Asiya birjalarında isə artım qeydə alınıb. Çində sənaye gəlirlərinin artması Şanxay birjasının 0,9 faiz yüksəlməsinə səbəb olub. Yaponiyada isə Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı gələn həftə qəbul edəcəyi qərar fonunda qeyri-müəyyən vəziyyət davam edir. Buna baxmayaraq, Nikkei indeksi 1,3 faiz artıb.