Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcmi kəskin azalıb, ayrı-ayrı sahələri nəzərə almasaq, bazar ən zəif dövrünu keçirir.

FED.az xəbər verir ki. bu Bakı Fond Birjasının (BFB) açıqladığı ilk 4 ayın rəqəmlərindən məlum olur. Hesabata görə, Bakı Fond Birjasında 2020-ci ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 3 milyon 256 min manat təşkil etmişdir.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40% azdır. Xatırladaq ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 5 milyad 33 milyon 626 min manat olmuşdu. Bazarda əməliyyatların 96,5%-i dövlət qiymətli kağızları ilə  – Maliyyə Nazirliyi, Mərkəzi Bank və İpoteka Fondunun alətləri ilə aparılır. Real özəl sektorun qiymətli kağızları ilə əməliyyatlar 2% ətrafındadır.

Doğrudur, təkrar bazar üzrə əməliyyatlarda və repo əməliyyatlarında bir neçə qat artım var (təkrar bazar üzrə ticarət həcmində 293%, repo əməliyyatları üzrə isə 110%). Amma bütün bunlar yenə də dövlət qiymətli kağızlarının hesabına baş verib.