Pekin Fond Birjasında listinq edilmiş şirkətlərin qiymətli kağızları üzrə əməliyyatların həcmi ilk ticarət günündə 9,57 milyard yuanı (təqribən 1,5 milyard dollar) ötüb. 

Marja xəbər verir ki, bu barədə bazar ertəsi “Shanghai Zhengquanbao” maliyyə qəzeti məlumat yayıb.

Məlumata görə, 10 şirkətin səhmləri orta hesabla 199,8% artıb, daha 71-i isə “həm artım, həm də azalma nümayiş etdirərək dalğalanmalara məruz qalıb”.

Yeni Pekin Fond Birjası rəsmi olaraq bazar ertəsi səhər fəaliyyətə başlayıb. Bu platforma əsasən kiçik və orta müəssisələr üzrə əməliyyatlar üçün nəzərdə tutulub. Hazırda birja 81 şirkətin qiymətli kağızlarını təqdim edir.

Çin hakimiyyətinin daha əvvəl yaydığı məlumata görə, Pekin Fond Brjası milli müəssisələrin innovativ potensialının inkişafında əsas rol oynayacaq. Onun nizamnamə kapitalı 1 milyard RMB (cari məzənnə ilə təxminən 156 milyon dollar) təşkil edir.

Sentyabrın 2-də Çinin sədri Si Cinpin Çin Beynəlxalq Xidmətlər Sərgisi zamanı ölkənin paytaxtında yeni birjanın açılması planını açıqlayıb. Pekin Bazarına Nəzarət Təşkilatı birjanı sentyabrın 3-də qeydiyyatdan keçirib.

Bu birja 1990-cı ildə Şanxay və Şençjen birjalarının açılmasından sonra materik Çində üçüncü birjadır. Digər bir birja Honq-Konqda fəaliyyət göstərir.