“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2021-ci ili 2 milyon 461 min manat xalis mənfəət ilə başa vurub.

Marja.az şirkətin audit olunmuş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “PAŞA Kapital”ın xalis mənfəəti 11,5% azalıb. Şirkət 2020-ci ili 2 milyon 780 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması xərclərin artmasından qaynaqlanır.

2020-ci ildə “PAŞA Kapital”ın faiz gəlirləri 793 min manat ikən, 2021-ci ildə 1 milyon 727 min manat təşkil edib. Şirkətin komissiya gəlirləri isə 1 milyon 449 min manatdan 1 milyon 921 min manata yüksəlib.

2021-ci ildə “PAŞA Kapital İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 5 milyon 464 min manat, cəmi xərcləri isə 3 milyon 3 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi gəlirləri 4 milyon 706 min manat, cəmi xərcləri isə 1 milyon 925 min manat təşkil etmişdi.