Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın olacaq.

TASS xəbər verir ki, bu barədə “Euronext NV” – Paris, Amsterdam, Brüssel, Dublin, Lissabon və Osloda filialları olan ümumavropa fond birjası məlumat yayıb.

“Delfin d`Amarzi “Euronext Paris”in prezidenti və baş direktoru, eləcə də “Euronext”in idarə heyətinin üzvü təyin edilib. O, martın 15-dən vəzifəsinin icrasına başlayacaq”, – bəyanatda deyilir. Qərar hələ “Euronext” səhmdarlarının ümumi yığıncağında, habelə Fransanın birja tənzimləyicisi tərəfindən təsdiqlənməlidir.

D`Amarzinin 47 yaşı var. O, Fransa Milli İdarəetmə Məktəbinin məzunudur. Təhsilini bitirdikdən sonra Fransanın dövlət idarəçiliyində mühüm vəzifələr tutub, o cümlədən Dövlət Xəzinədarlığının direktoru olub. 2007-2009-cu illərdə Fransua Fiyon hökumətinin maliyyə müşaviri olub. Bu fəaliyyət çərçivəsində ABŞ-da ipoteka böhranının səbəb olduğu qlobal maliyyə tənəzzülü zamanı Fransa üçün qoruyucu tədbirlər hazırlayıb.

Hazırda o, “Orange Bank”da təhkim edilmiş baş direktor vəzifəsini icra edərək ikinci rəhbər şəxsdir. D`Amarzi kapital bazarlarının inkişafı və Avropa maliyyə tənzimləməsi sahəsində mütəxəssisdir. O, Paris birjasının rəhbəri vəzifəsində artıq “Euronext”də İlkin bazarlar və danışıqlarsonrası əməliyyatlar şöbəsinə rəhbər təyin edilən Antoni Attianı əvəz edəcək.

Yeni təyinatlar “Euronext”in fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirdiyi vaxtda edilib. Tənzimləyici 2019-cu ildə artıq Oslo Fond Birjasını alıb, bu ilin birinci yarısında isə İtaliya Fond Birjasını əldə etməyə hazırlaşır.