Dünya bazarında neftin kəskin ucuzlaşması bazar ertəsi Asiya birjalarında səhmlərin kütləvi şəkildə satılmasına səbəb olub.

APA-Economics”in xarici mediayaya istinadən verdiyi məlumata görə, bazar Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq vədindən sonra sarsıntı yaşayır. Neftin qiymətinin düşməsi digər siniflərin aktivlərinin daha da satışına səbəb olub.

“JPMorgan Asset Management” şirkətinin Asiya bazarı üzrə aparıcı analitiki olan Tay Xuyenin fikrinə görə, neftin daha da ucuzlaşması riski neft-qaz şirkətlərinin onsuz da azalmış səhmlərinə zərbə vura bilər.

Hazırda ən böyük itkilər neft sektorundadır. Honq-Konqda Çin nəhəngi “Petrochina”nın səhmləri təxminən 10% ucuzlaşıb. Bundan əlavə, Çin Milli Dəniz Neft Korporasiyasının qiymətli kağızları 17% dəyərdən düşüb.

Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,51% azalaraq 1 barelə görə 33,27 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,83% azalaraq 29,79 dollar təşkil edib.