Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “MFX-Trading İnvestisiya Şirkəti” ASC öz müraciəti əsasında “Bakı Fond Birjası” QSC-yə üzv qəbul edilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, bununla da Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 9-a çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”ni bu ilin avqust ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin “Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.