Çinin istifadəçilər sayına görə ikinci olan qısa videolar servisi “Kuaishou Technology”nin bu gün Honkonq Fond Birjasında (HKEX) keçirilən İPO-su zamanı səhmləri 200 faizədək bahalaşıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə şirkətin dəyəri 1,43 trilyon Honkonq dolları (182,8 milyard ABŞ dolları) təşkil edib. Sonradan səhmlər bir qədər ucuzlaşsa da, ilkin qiymətin 160 faizi səviyyəsində satılıb.

Bütövlükdə İPO zamanı şirkət 41,3 milyard Honkonq dolları (5,4 milyard ABŞ dolları) həcmində vəsait cəlb edib. Belə ki, “Kuaishou Technology” dünya texnologiya şirkətləri arasında ən yüksək dəyərə malik İPO-ya imza atıb.

Qeyd edək ki, 2011-ci ildə yaradılmış və hazırda 481 milyon aktiv istifadəçisi olan “Kuaishou” 2020-ci ilin 9 ayı ərzində 7.2 milyard yuan (1,1 milyard ABŞ dolları) zərər edib.