Dünyanın ən böyük kompüter komponentləri istehsalçılarından biri olan Amerikanın “İntel” şirkətinin xalis mənfəəti il ərzində 2,5 dəfə azalaraq 8,017 milyard dollara düşüb.
Marja xəbər verir ki, səhmbaşına mənfəət 2021-ci ildəki 4,86 dollardan 2022-ci ildə 1,94 dollara geriləyib
Ötən ilin şirkətin gəlirləri 20% azalaraq 63,054 milyard dollar təşkil edib.
Keçən ilin dördüncü rübündə korporasiya 2021-ci ilin eyni dövründəki 4,6 milyard dollarlıq mənfəətdən sonra 661 milyon dollar xalis zərər qeyd edib. Hesabat dövründə “Intel”in gəliri illik ifadədə 31,6% azalaraq 14,042 milyard dollar təşkil edib.
Şirkət cari rüb üçün səhm üzrə zərərin təxminən 0,8 dollar və gəlirinin 10,5-11,5 milyard dollar olacağını proqnozlaşdırır.
Baş direktor Pat Gelsinger, gəlirlərin və mənfəətin “makro küləklər” və “görünməmiş dəyişkənlik” səbəbindən azaldığını bildirib.
İntel şirkətinin səhmləri hesabatının dərcindən sonra təxminən 10% ucuzlaşıb.
Amerika korporasiyası “Intel Corp.” 1968-ci ildə təsis edilib. Mikroprosessorlar da daxil olmaqla geniş çeşiddə elektron cihazlar və kompüter komponentləri istehsal edir.