Bu il Hindistan ilk dəfə olaraq ölkədə keçirilən IPO-ların həcminə görə Çini keçərək və yalnız ABŞ-dən geri qalaraq dünyada ikinci yeri tutacaq. Bu barədə “Financial Times” “Dealogic” analitik şirkətinin hesablamalarına istinadən yazır.

Onun hesablamalarına görə, ABŞ-də IPO zamanı il ərzində 42.4 milyard dollar toplanıb, Hindistanda isə bu rəqəm 18 milyard dollar təşkil edib. Qeyd edək ki, 2023-cü ildə IPO həcminə görə birinci yeri tutan Çin bu il 7.5 milyard dollarla üçüncü yerdə qərarlaşıb.

İlkin kütləvi təkliflərin sayı cəhətdən də Hindistan birincidir – 310 IPO. Ondan sonra ABŞ (226), Cənubi Koreya (117) və Çin (84) gəlir. 2024-cü ildə Hindistanda ən böyük kütləvi yerləşdirmələr arasında avtomobil istehsalçısı “Hyundai Motor India” (3.3 milyard dollar) və onlayn qida çatdırılması xidməti “Swiggy”nin (1.4 milyard dollar) IPO-ları var.

Çində IPO-ların sayı və həcminin azalması ilk növbədə yerləşdirmə qaydalarının sərtləşdirilməsi, eləcə də Çin iqtisadiyyatının ümumi yavaşlaması ilə əlaqəlidir.