ABŞ Mərkəzi Bankı Fed-in San-Fransisko şöbəsinin sədri John Williams, iqtisadiyyat yaxşı gedərsə, Fed-in bu il 4 dəfə faiz artıracağını deyib.

“Marja” xəbər verir ki, Williams, Seulda keçirdiyi mətbuat konfransında, işsizlik nisbətinin 4.5%-dən aşağı enməsi ilə birlikdə ABŞ iqtisadiyyatının çox yaxşı inkişaf yolunda olduğunu qeyd edib.
Williams, “Fed-in bu il faizi 3 dəfə artırması ağlabatan fikirdir, ancaq iqtisadiyyatda yuxarı istiqamətli potensial var. Faizin 3 dəfə artırılacağı məlumdur, ancaq iqtisadiyyat güclənərsə 4 dəfə də artırıla bilər” deyib.
Fedin növbəti böyük addımının balans böyüklüyünü azaltmaq olduğunu deyən Williams, iqtisadiyyatın yaxşı getməsi ilə yanaşı, balans böyüklüyünü azaldılması prosesinin bu il başlanmasının gözləndiyini və normal səviyyələrə gəlməsinin bir neçə il alacağını sözlərinə əlavə edib.
ABŞ-da faizlərin növbəti bir neçə ildə harada olmasını gözlədiyinə dair bir suala cavab verən Williams, “3 faizə doğru gedirik” cavabını verib. Hazırda Fed-in faizi 0,75-1% civarındadır.

Williams, son zəif inflyasiya rəqəmi ilə bağlı da danışıb və bu vəziyyətdən çox narahat olmadığını, bu rəqəmin müvəqqəti amillərdən qaynaqlandığını bildirib.
Williams, ABŞ-da durğunluq ehtimalına dair bir suala da, “ABŞ-da bu gün durğunluq risklərinə işarə edən bir göstərici yoxdur. Bütün göstəricilər mötədil artıma işarə edir” deyib.