Amerika Mərkəzi Bankının rəhbərliyi ABŞ iqtisadiyyatındakı vəziyyətin ciddi şəkildə pisləşmədiyi təqdirdə, faiz dərəcələrini bir daha aşağı salmaqda ehtiyac görmür.

Xatırladaq ki, oktyabr ayının sonunda FED faiz dərəcələrini 1,5-1,75% aralığına qədər aşağı salmışdır. Bundan sonra FED-in pul siyasətinin yumşaldılması sahəsində müəyyən ara verəcəyi güman edilir.

Bu haqda Federal Ehtiyatlar Sisteminin noyabrın 20-də dərc etdiyi protokolda deyilir.

Oktyabrın 29-30-da baş tutan iclasdakı müzakirə zamanı FED rəsmiləri Amerika iqtisadiyyatı üçün aşağı risklərin, xüsusən də “ticarət mühasisəsi ilə əlaqədar qeyri-müəyyənlik, habelə geosiyasi risklər” baxımından davamlı olduğunu qeyd ediblər.

Görüşdə həmçinin ABŞ-da mənfi faiz dərəcələrinin tətbiq edilməsi mövzusu da müzakirə edilmişdir. Qeyd edildiyi kimi, tərəflər mənfi faiz dərəcələrinin ABŞ-ın pul siyasəti üçün cəlbedici olmadığı qənaətinə gəliblər. FED rəhbərliyi digər ölkələrdə mənfi dərəcələrin tətbiqinin “qarışıqlıq effekti” gətirib çıxardığını bildirib.