ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) sədri Cerom Pauel yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatında işsizliyin artması riskinin olduğunu bildirib.

FED sədri Cerom Pauell yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatının ikinci günündə Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin iclasında iştirak edib.

Marja xəbər verir ki, Komitə üzvlərinin suallarını cavablandıran Pauell inflyasiya ilə mübarizə öhdəliyinin “şərtsiz” olduğunu bildirib.

“İşsizliyin artması riski var”

Pauell, əmək bazarının çox “qızdığına” diqqət çəkib və inflyasiyanın aşağı salınması lazım olduğunu söyləyib.

Əmək bazarına təsir etmədən inflyasiyanın azaldılmasının çox çətinləşdiyinə diqqət çəkən Pauell, inflyasiyanı nəzarət altında saxlayaraq güclü əmək bazarına sahib olmağın mümkün olduğunu ifadə edib.

“Tarixən aşağı səviyyədə olsa da, işsizliyin artması riski var”, – Pauell bildirib.

FED-in “həssas alətləri” olmadığını qeyd edən Pauell, iş yerlərində itkilərin ola biləcəyinə diqqət çəkib.

FED, inflyasiyanı düzgün qiymətləndirmədiyini etiraf edib

Fed-in inflyasiya ilə bağlı səhv şərhi ilə bağlı suala cavab olaraq, Pauell, geriyə baxdıqda inflyasiyanı aşağı qiymətləndirdiklərini və onun müvəqqəti olmadığını söyləyib.

“Proqnozumuzun səhv olduğunu bilirik. Səhvimizi görməyə başlayanda kursumuzu dəyişdik”,– deyib.

İnflyasiyanın 2 faizə endirilməsi lazım olduğunu vurğulayan Pauell, hər hansı bir qələbə elan etmədən əvvəl inflyasiyanın aşağı düşdüyünə dair dəlil görmək istədiklərini söyləyib.

Gələcəkdə faiz dərəcələrini sürətlə aşağı salmayacaqlarına diqqət çəkən Pauell, “Düşünürəm ki, aşağı salmaqda istəksiz olacağıq”,- deyib.

Real vaxtda yaxşı qərarlar verməyə çalışacaqlarını qeyd edən Pauell, qiymət sabitliyinin iqtisadiyyatın təməl daşı olduğunu və bərpa edilməsi lazım olduğunu söyləyib.

Tənəzzülün qaçılmaz olduğunu düşünmədiyini bildirən Pauell, bu il iqtisadi artımın hələ də güclü olacağını gözlədiyini qeyd edib.