ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) sədri Cerom Pauel, Federal Açıq Bazar Komitəsinin (FOMC) iyun iclasından sonra keçirdiyi mətbuat konfransında mühüm açıqlamalar verib. 

Marja xəbər verir ki, inflyasiya risklərinin yüksəlməkdə olduğunu qeyd edən Pauell, 26-27 iyul tarixlərində keçiriləcək toplantda faizi 0,50 və ya 0,75 bənd arta biləcəklərini söyləyib.

Pauel, növbəti iclaslarda faizin artırılması sürətinin məlumatlardan asılı olacağını ifadə edib.

Pauellin çıxışından diqqət çəkən məqamlar:

– Fed faiz artımlarında sürətlə hərəkət edir,

– Faiz artımına davam etməyi məqsədəuyğun hesab edirik, iyulda faizi 0,50 və ya 0,75 bənd artıra bilərik,

– Bizim borcumuz qiymət sabitliyini təmin etməkdir (inflyasiyanı 2 faiz səviyyəsinə qaytarmaq),

– Məşğulluğa ciddi zərər vurmadan inflyasiyanı aşağı salmağa çalışacağıq,

– İnflyasiyanı aşağı salarkən işsizlik səviyyəsi 4,1 faizə yüksəlsə, bunun uğurlu nəticə olacağını düşünürəm,

– FED-in qiymət sabitliyinə nail olmaq üçün alətləri var,

– Biz balansımızı ciddi şəkildə azaltmaq prosesindəyik,

– Təchizat çatışmazlığı gözlənildiyindən daha uzun müddət davam edir və qiymətlərin yüksəlməsinə təkan verir,

– İnflyasiyanın aşağı düşdüyünə dair inandırıcı dəlillər görməyincə qələbəmizi elan etməyəcəyik,

– Biz tənəzzül yaratmağa çalışmırıq.

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (FED) faizini son 28 ildə ən kəskin şəkildə artırıb. FED faizini 0,75 bənd artıraraq 1,50-1,75 faizə çatdırıb. ABŞ-da inflyasiya 40 ilin pik səviyyələrindədir. Son məlumatlara görə, ölkədə illik inflyasiya may ayında apreldəki 8,3 faizdən 8,6 faizə yüksəlib.