Gələn həftə – martın 19-20-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək.

“Report”un Analitik qrupu xatırladır ki, FED-in bu il yanvarın 29-30-da baş tutmuş son iclasında uçot dərəcəsinin 2,25 – 2,5% səviyyəsində saxlanılmasına qərar verilmişdi.

Bununla belə, qurum bəyan edib ki, vəziyyətdən asılı olaraq ilin sonuna qədər faizlərdə artım ola bilər.

Sirr deyil ki, FED uçot dərəcəsini artırarkən ABŞ-da əhalinin məşğulluğuna zərbə vurmamağa, ölkədə inflyasiyanı iqtisadi inkişafı stimullaşdıracaq səviyyədə saxlamağa çalışır. Yəni qurum bəri başdan nəzərə alır ki, faiz artımı iqtisadi inkişafda əsas rol oynayan bank kreditlərini bahalaşdıra, son nəticədə ölkədə istehsal olunan ümumi daxili məhsulun dəyəri arta bilər.

Bununla belə, FED-in rəhbəri Cerom Pauelin ABŞ iqtisadiyyatı barədə nikbin açıqlamaları göstərir ki, növbəti iclasda uçot dərəcəsinin daha 0,25% artırılması ehtimalı yüksəkdir və çox güman ki, buna gediləcək.

Bu arada, FED-in iclası ərəfəsində qlobal maliyyə bazarlarında dolların avro qarşısında ucuzlaşması müşahidə edilir. Martın 7-də 1,1193-ə düşmüş USD/EUR nisbəti ötən günün yekununda 1,1305-ə qalxıb.

“Report”un Analitik qrupu hesab edir ki, FED-in iclasında faizlərin artırılmasına qərar verilərsə, növbəti 1 ay ərzində 1 avro 1,1 dollara qədər ucuzlaşa bilər. Uçot dərəcəsinin sabit saxlanılması isə USD/EUR nisbətini 1,2-yə çatdıra bilər.