2024-cü ilin üçüncü rübündə dünyanın ən böyük şirkətləri tərəfindən ödənilən dividendlərin ümumi həcmi illik müqayisədə 3.1% artaraq 431.1 milyard dollara çatıb ki, bu da ilin bu dövrü üçün rekord göstəricidir. Bu barədə Böyük Britaniyanın “Janus Henderson Investors” şirkətinin araşdırmasında deyilir.

Son rübdə ödənilən dividendlərin həcminə görə liderlər “China Construction Bank Corp.”, “China Mobile Ltd.”, “PetroChina Co.”, “Microsoft Corp.” və “Alibaba Group Holding.” olub.

İlk onluğa həmçinin Avstraliya Birliyi Bankı, “Apple Inc.”, “CNOOC Ltd.”, “Exxon Mobil” və Çin Sənaye və Kommersiya Bankı daxildir.

Şimali Amerika şirkətləri iyul-sentyabr aylarında 175.9 milyard dollar dividend ödəyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.7% çoxdur.

Avropa şirkətlərindən (Böyük Britaniya istisna olmaqla) dividendlər 1.6% azalaraq 25.2 milyard dollara, Böyük Britaniya şirkətlərindən isə 7.1% azalaraq 25.8 milyard dollara düşüb.

Asiya-Sakit okean regionunda (Yaponiya istisna olmaqla) şirkətlər üçüncü rübdə dividend ödənişlərini 9.9% azaldıb, ödənilən dividendlərin ümumi həcmi isə 14.4% artıb.

“Janus Henderson”un proqnozuna görə, 2024-cü ilin sonunadək dünyada ödənilən dividendlərin ümumi həcmi əvvəlki illə müqayisədə 4.2% artaraq 1.73 trilyon dollara çatacaq. Xatırladaq ki, daha əvvəl mütəxəssislər 4.7% artım proqnozlaşdırırdılar.